Rusiyada Azərbaycan əsilli şəxslərin zorakı həbsi və iki şəxsin ölümündən sonra Bakı da cavab addımları atmağa başlayıb.
Azərbaycanın media orqanlarının məlumatına görə, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Yekaterinburq şəhərində əslən Azərbaycanın Ağdam rayonundan olan Səfərovlar ailəsinin yaşadığı ünvanlarda və başqa yerlərdə əməliyyat keçirib. Mənzillərə basqın zamanı Ziyəddin və Hüseyn Səfərov qardaşlarının qətlə yetirildiyi, döyülmə nəticəsində səkkiz nəfər, o cümlədən Səfərovların qardaşı Bakir Səfərovun müxtəlif dərəcəli bədən xəsarəti aldığı bildirilir.
Amma Rusiyanin bəzi media orqanlarinda yer alan iddialara görə, ölümlərdən biri saxlanmadan sonra ürəktutma nəticəsində baş verib. Rusiya Federasiyasının regional İstintaq Komitəsi və Rusiya Daxili İşlər Nazirliyinin Sverdlovsk vilayəti üzrə Baş İdarəsi birgə məlumatlarında iddia edirlər ki, əməliyyat ötən illərdə baş vermiş cinayətlərin araşdırılması çərçivəsində keçirilib və saxlananların bu işlərlə bağlılığı yoxlanır.
İyunun 29-da Yekaterinburq məhkəməsində Məzahir, Akif və Ayaz Səfərovlar barəsində 22 gün müddətinə həbs-qətimkan tədbiri seçilib, onlara qətllə bağlı ittiham irəli sürülüb. Məhkəmədən fotolarda saxlananlardan birinin üzündə hematoma görünür. Daha üç şəxs isə 72 saatlıq saxlanıb.
Azərbaycanda bütün bunlar təsirsiz ötüşməyib. Artıq Rusiya ilə birgə mədəniyyət tədbirləri ləğv edilib. Milli Məclisin nümayəndə heyətinin Moskvaya səfəri də təxirə salınıb. Cavab tədbiri olduğu deyilməsə də, Bakıda Rusiyanın "Sputnik" media qurumuna qarşı reyd keçirilib, iki nəfər saxlanıb.
"Rusiyada yaşayan azərbaycanlılar vasitəsilə…"
Son günlər Azərbaycanla Rusiya arasında münasibətlərin gərginləşməsinin həm siyasi, həm də geosiyasi faktorlarla izah edən politoloq Nəsimi Məmmədli deyir ki, Rusiya əslində ətrafında müstəqil xarici siyasət yürüdən dövlətlər arzulamır. Onun fikrincə, Rusiya hazırda Azərbaycanın müstəqil xarici siyasət yürüdən dövlət kimi bölgədə nüfuz qazanmasını arzulamır: "Artıq Ermənistan özü bir müstəqil siyasi kurs götürüb onun təsirindən çıxmağa çalışır. Ermənistandakı son hadisələr də, mən düşünürəm ki, Rusiya tərəfindən qaynaqlanır. Rusiya Cənubi Qafqazı təsiri altına almaq istəyir. Cilovlamağa cəhd etdiyi əsas dövlətlərdən biri Azərbaycandır. Münasibətlərin pozulmağa doğru getməsinin də kökündə bu dayanır. Rusiya indi Azərbaycana başqa cür təsir göstərə bilmir".
N.Məmmədlinin sözlərinə görə, Moskva Rusiyada yaşayan azərbaycanlılar vasitəsilə Azərbaycana təsir göstərməyə çalışır.
Ekspert düşünür ki, hadisələrin gedişatında Rusiya Ukrayna müharibəsi əsas rol oyanır. Onun fikrincə, Rusiya bu müharibədən əli güclü çıxarsa, post-sovet məkanında təsirini artıracaq.
"Problemlərin təməlində yatan səbəblər bunlardır"
Siyasi şərhçi Şahin Cəfərli isə Facebook səhifəsində yazıb ki, Azərbaycan-Rusiya münasibətlərindəki problemlər tərəflərin bu münasibətlərin xarakteri və hansı prinsiplərə əsaslanacağı ilə bağlı fərqli baxışlarından irəli gəlir: "Azərbaycanın ötən müddətdə Rusiya ilə münasibətləri müttəfiqlik səviyyəsinə qədər yüksəltməsi, hətta regional geosiyasətdə Moskvanın maraqları ilə üst-üstə düşən mövqe sərgiləməsi belə Putin rejimini qane etmədi. (Qərbin Ermənistanda güclənməsinə qarşı çıxaraq Avropa İttifaqının missiyasını təhdid elan etmək; Gürcüstanda ehtimal olunan siyasi dəyişikliyə qarşı çıxaraq mövcud hökumətə açıq dəstək vermək və s.) Bakı Moskva ilə qarşılıqlı münasibətlərin suveren bərabərlik prinsipinə əsaslanmasını istəyirdi".
Onun fikrincə, lakin bir daha əyan oldu ki, Rusiya keçmiş koloniyaları ilə müttəfiqliyi və tərəfdaşlığı bərabərhüquqluluq əsasında deyil, süzeren-vassal münasibətləri kimi görür: "Bu, Azərbaycan rəhbərliyini məmnun etmədi və onlar bizə məlum olan və olmayan bir sıra hadisələrdən sonra Moskvadan ciddi təhlükələrin qaynaqlandığının yenidən fərqinə vardılar. Problemlərin təməlində yatan səbəblər bunlardır. Bir daha hali olduğumuz başqa bir həqiqət də budur ki, bu gün Ukrayna dövləti və xalqı ağır bədəllər ödəyərək postsovet coğrafiyasının dövlətləri və xalqları başda olmaqla, bütün insanlıq naminə mübarizə aparır".
"Azərbaycan dövləti vətəndaşlarına hörmət tələb edir"
Milli Məclisin deputatı Zahid Oruc isə AzadlıqRadiosuna müsahibəsində deyib ki, iki nəfərin öldürülməsi, bir neçə şəxsin yaralanması ardınca məhkəmə qərarının çıxarılması yalnız siyasi qərardan sonra gerçəkləşə bilərdi: "Əgər Rusiya rəsmi orqanlarının izahatındakı kimi söhbət 24 il əvvəl baş vermiş cinayət hadisəsində suçlandırılan şəxsin məsuliyyətə cəlb edilməsindən gedirsə, bu davranış bu dərəcədə qəddarlıq, qanun pozuntuları ilə, media və sonra parlament strukturlarının dəstəyi ilə özünü göstərə bilməzdi. Necə olur Rusiya Qvardiyası və Federal Təhlükəsizlik Qüvvəsi - iki mühüm təsisat bir neçə əliqabarlı, zəhmət adamları olan azərbaycanlılara hücum çəkirlər".
Deputat Azərbaycanda atılan addımlara isə belə diqqət çəkir: "Xarici İşlər Nazirliyimizin verdiyi bəyanat, ardınca müvəqqəti işlər vəkilinin dəvət olunması, daha sonra müxtəlif siyasi səfərlərin təxirə salınması, o cümlədən mədəni tədbirlərin üzərindən xətt çəkilməsi özü-özlüyündə bir mesajdır ki, Azərbaycan dövləti onun vətəndaşlarına, soydaşlarına, dünyanın harasında yaşamasından asılı olmayaraq hörmət tələb edir".
Kremlin mövqeyi…
Yekaterinburqda baş verənlərlə bağlı Bakının reaksiyasına münasibət bildirən Kreml bəyan edib ki, hüquq-mühafizə orqanlarının fəaliyyəti demarşlar üçün əsas olmamalıdır. "Bu qərarların qəbul olunmasından səmimi təəssüf hissi keçiririk. Güman edirik ki, Azərbaycan tərəfinin bu cür demarşlara səbəb kimi gördüyü hadisələrin mahiyyəti və səbəbləri ilə bağlı izahat işlərini davam etdirmək vacibdir. Hesab edirik ki, baş verənlər hüquq-mühafizə orqanlarının fəaliyyəti ilə bağlıdır və belə bir reaksiya üçün səbəb ola bilməz və olmamalıdır", - "Interfaks" agentliyi Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskovdan sitat gətirir.
Mövcud vəziyyətlə əlaqədar Rusiya və Azərbaycan prezidentləri arasında telefon danışığının planlaşdırılması ehtimalı ilə bağlı sualı cavablandıran Peskov: "Hazırda belə bir söhbət gündəmdə deyil, lakin ehtiyac olarsa, təbii ki, ən qısa zamanda baş tutacaq", - bildirib.
"Tam mənasız, hətta absurd…"
Respublikaçı Alternativ Partiyasının sədri Natiq Cəfərli isə D.Peskovun yanaşmasını tam mənasız, hətta absurd yanaşma sayır: "Azərbaycan hüquq-mühafizə orqanları "Rusiya Evi"ni haqlı səbəblərə görə bağlayanda niyə Rusiya Xarici İşlər Nazirliyi (XİN) məsələyə müdaxilə etməyə çalışırdı? İyunun 30-da Azərbaycan polisi "Sputnik-Azərbaycan" agentliyinin ofisində əməliyyat keçirir, Peskovun məntiqi ilə Rusiya XİN buna münasibət bildirməməlidir, amma edəcəklər, dəfələrlə də ediblər".
N.Cəfərli hesab edir ki, Rusiyanın ən böyük problemi tutarsızlıq, eyni məsələyə müxtəlif yanaşmasıdır: "Məsələn, İsrail və ABŞ-yə deyir ki, İranın suveren ərazisini havadan müdaxilə etmək olmaz, bu, beynəlxalq hüququ pozmaqdır, özü isə həm havadan, həm qurudan Ukraynaya təcavüz edib, bu ölkənin suverenliyini tapdalayıb, torpaqlarını işğal edir. Və ya, Rusiyanın Ukraynada yaratdığı separatizmə haqq qazandırmaq üçün "millətlərin öz müqəddəratını təyin etmə" hüququna əsaslanır, amma, öz ərazisində öz müqəddəratını təyin etmək istəyən Çeçenistana divan tutdu".
Amma Azərbaycanda Rusiya ilə münasibətlərin gərginləşməsinə şübhə ilə yanaşanlar da var. Onlar deyirlər ki, "rəsmi Moskva və Bakı son illər, bir qayda olaraq, biri-birlərinin əlinə oynayıblar, bu qaydanın belə asan dəyişməsi heç inandırıcı görünmür".
Müxalifətdə olan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi yazıb ki, "Primakovun irsinin tədqiqatçısı" Sahibə Qafarovanın sədrliyindəki parlament buraxılmırsa, demokratik seçki ilə yeni parlament formalaşmırsa, Rusiya ilə məsələ "danışıqlı döyüş" hesab edilməlidir. Onun fikrincə, məhz bu addım Kremlin Azərbaycanda hakimiyyətin idarə olunması və ötürülməsi prosesinə təsirini azalda bilər: "Əgər bu addım atılmırsa, deməli, hakimiyyət Qərbin gözündə Çinə yaxınlaşmasını Rusiyaya "sərtləşmək" ilə kompensasiya edir".
Belə tənqidlərə isə S.Qafarova və ya Milli Məclisin başqa rəhbər üzvlərindən münasibət almaq mümkün olmayıb. Amma parlamentin hakimiyyətə yaxınlığı ilə seçilən ayrı-ayrı təmsilçiləri mətbuata açıqlamalarında S.Qafarovanı "Azərbaycanın mənafeyini dünyada müdafiə edən, Avropa Şurasında fəaliyyəti ilə diqqət çəkən" şəxs kimi də dəyərləndiriblər.